Biri var idi, biri yox idi. Qış gəlmişdi, hər tərəf ağappaq qarla örtülmüşdü. Əyripəncə Ayı qış yuxusuna getməyə hazırlaşırdı. Saman yorğan döşəyini rahatladı, yanına küpədəki balı, payızdan saxladığı ətirli armudları yığdı. Yekə bir daşı da sürüyə-sürüyə mağaranın ağzına gətirdi.
Yorğanı qaldırıb təzəcə altına girmək istəyirdi ki, səs eşitdi.
– Ayı qardaş! Ayı qardaş!
Ayı deyinə-deyinə mağaranın ağzındakı daşı kənara cəkdi. Onu çağıran Fil idi.
Ayı donquldandı:
– Nə olub, nə istəyirsən? Qoy yatım da!
Fil ürkə-ürkə dilləndi:
– Ayı qardaş, niyə qəzəblənirsən? Bir az baldan, armuddan ver, bayram süfrəmizə düzək.
Ayı cəld düşüb armud, bir az da bal gətirdi ki, Fil tez çıxıb getsin, o da yatsın.
Fil sevinə-sevinə təşəkkür elədi:
– Çox sağ ol, Ayı! Yuxun şirin olsun!
Ayı Fili yola salıb yerinə uzanmaq istəyirdi ki, yenə səs gəldi. Bu dəfə gələn Dələ idi:
– Ayı qardaş! Ay Ayı qardaş!
Ayı burnunun altında deyindi:
– Nə istəyirsən, ay Dələ? Niyə qoymursan yatım?!
Dələ çaşdı, amma özünü ələ alıb astadan dedi:
– Bağışla, narahat elədim, amma köməyin lazımdır. Bəzəmək üçün şam ağacı tapa bilmirik.

ətraflı jurnalda