Böyük ölkələrdən birində yerləşən dünya şöhrətli şokolad fabrikində çox böyük bir yük maşınını idarə edən bir qoca yaşayırdı. Qoca uzun illərdən bəri hər səhər yuxudan oyanıb fabrikə yollanır, cürbəcür şokoladlar yüklənmiş maşınını bu böyük ölkədəki şəhərlərdə yaşayan saysız-hesabsız xoşbəxt insanlara çatdırmağa tələsirdi. Bəlkə də, həmin xoşbəxt insanlar bu qoca sürücünün öz işinə necə məsuliyyətlə yanaşmağından xəbərsiz idilər. Onlar, sadəcə, böyük supermarketlərə gedir, növbənöv şokoladlardan alır, öz xoşbəxt uşaqlarını sevindirirdilər... Nə bu şokoladların daşındığı maşın, nə də onun qoca sürücüsü haqqında düşünürdülər. Heç vaxt bu şokoladlardan yeməyən uşaqlar da yada düşmürdü... Amma həmişə şokoladla dolu maşın güzgü kimi asfalt yollarla şütüyəndə qoca sürücünün qəlbində bir arzu olardı: “Kaş ki, dünyanın bütün uşaqları bu ləzzətli şokoladlardan dada biləydi”. Bir gün hava yaman isti idi. İstidən nəfəs kəsilirdi. Sanki günəş qəsdə durmuşdu. Elə bil, ən müasir soyuducularla təchiz edilmiş bu maşının yük yerinə yol tapıb dadlı şokoladları əritmək fikrinə düşmüşdü. Qoca da günəşin bu həvəsini duymuş kimi, maşını daha sürətlə sürür, şokoladları mənzilbaşına çatdırıb, rahat, təmiz, zanbaqlar və qızılgüllər arasında itib-batmış evinə dönmək, sevimli həyat yoldaşı, sədaqətli köpəyi və mehriban pişiyi ilə bir damın altında məsud və xoşbəxt bir gecə keçirtməyə tələsirdi.