Famil babasının kitabxanasından götürdüyü kitabı əlində yelləyə-yelləyə atasına gətirdi. Üzünə ona tutub dedi:
- Ata, babamın kitablarını mən niyə oxuya bilmirəm? Hərflərin bəziləri məktəbdə müəllimin öyrətdiyi hərflərə oxşayır, amma bəzilərini tanımıram. Tanıdıqlarımı da oxuyanda heç nə başa düşmürəm. Şkafın arxasında üzü cırılmış çox köhnə kitablar da gördüm, orada isə xətlər və yumru işarələr vardı.
Atası Familin sualını eşidəndə bir anlıq gözləri divardakı nöqtəyə dikildi. Suala verəcəyi cavabı haradan başlayacağını düşündü. Familin əlində tutduğu kitabı açıb ilk cümlələri oxumağa başladı. Sonra üzünü ona tutub dedi:
- Bax oğlum, qədimdə insanlar gördükləri şeyləri yadda saxlamaq üçün onun şəklini çəkərdilər. Səni Qobustana aparanda orada divarda gəmi və öküz şəkilləri göstərmişdim. Bizim ulu babalarımız hələ hərflər olmadığı vaxtlarda unutmaq istəmədikləri hadisələrin şəklini çəkərdilər. Beləcə, ilk rəssamlar yetişirdi. Sonra həmin rəssamlar ucu iynə kimi olan daşlarla qayalarda cızıqlar çəkməyə başladılar. Beləcə, ilk yazıları daşın üzərində yazdılar. Eyni şeyi başqa millətlərin də babaları etdilər. Qədim Misirdə insanlar əvvəlcə əşyaların şəkillərini çəkməyə başladılar, sonra isə həmin şəkilləri sadələşdirib hərfləri yaratdılar. Sonra papirus adlı bitkinin gövdəsindən yazı yazmaq üçün kağız düzəltdilər. İnsanlar yavaş-yavaş daha rahat şəkildə yazılar yazdılar. Getdikcə yazılardakı işarələrin sayı çoxalmağa başladı. Qədim xalqlar olan finikiyalılar, yunanlar, latınlar ilk əlifbaları yaratdılar.

ətraflı jurnalda