O, köhnə dəmir yolu xəttinin meşədən keçən hissəsində stansiya nəzarətçisi idi. Bapbalaca, isti və rahat daxması dəmir yolu xəttinin düz yanında idi. Sonuncu dəfə bu yoldan nə vaxt qatar keçdiyini artıq unutmuşdu. Amma qoca hər səhər yuyunur, rəngi bozarmış xidməti kostyumunu geyinir və öz nəzarət budkasına gedirdi. Budka daxmanın cəmi bir neçə addımlığında idi. Qoca yalnız nahar fasiləsində budkadan çıxır, gəlib qarısı və pişiyi ilə nahar edirdi. Nahar, adətən, isti şorba, təndir çörəyi və bir-iki baş soğandan ibarət olurdu...
Qoca həsrətlə bu yoldan bir də qatar keçəcəyi günü gözləyirdi. Dəmir relslərin üstündə sərçələr hoppana-hoppana gəzir, dovşan-dələ qaçışırdı. Hərdən kəpənəklər də qonurdu. Rəngbərəng, naxışlı, zərif.
Günlərin bir günü... Bum, bum, bum... Tıq-tıq, tuk-tuk, tıq-tıq, tuk-tuk... Bu səslər eşidiləndə qoca nahar fasiləsində idi. Şorbasını qaşıqlayırdı və birdən... Bu nədir?
Qoca tez arvadının üzünə baxdı:
– Qatar gəlir, eşitdin, qatarın səsidir!
– Hə... Mənə də elə gəldi.
Qaşıq şorbanın içinə düşdü, şorba çalxalanıb pişiyin üzünə sıçradı, pişik narazı halda miyovuldadı: “Myauu... Gəlir gəlsin də... Şorbanı üzümə sıçratdınız... Nə qatar? Haradan gəlir?”...

ətraflı jurnalda