Dadı, rəngi, qoxusu olmayan su həyat üçün ən vacib nemətdir. O, dünyanın ən dəyərli sərvətidir. Bütün canlıların yaşaması üçün su lazımdır. Yemək yemədən bir aya qədər yaşamaq olar, amma susuz bir neçə gündən çox yaşamaq mümkün deyil. Beynimizin 75 faizi, qanımızın 83 faizi sudan ibarətdir. Bədənimizdəki su itkisi ciddi xəstəliklərə, hətta ölümə səbəb ola bilər. Su bədənin temperaturunu nizamlayır, yediklərimizi enerjiyə çevirir, hüceyrələrə oksigen daşıyır. Su insana təkcə içmək üçün yox, təmizlik üçün də lazımdır. Yer kürəsinin də 3/4 hissəsi sudur. Lakin bunun çox az hissəsi içməli sudur. Dünyanın içməli su ehtiyatı çox azdır və gələcəkdə tükənmək təhlükəsi var. İçməli su dünyanın hər yerində yoxdur, əsasən, Afrika ölkələrində içməli su qıtlığı yaşanır. Suya qənaət etməsək, boş yerə axıtsaq, gələcəkdə bütün dünya susuzluqdan əziyyət çəkə bilər. Hər gün təxminən 6 stəkan su içmək lazımdır. Lazımi qədər su içməyən adam tez yorulur, iş qabiliyyətini itirir və tez qocalır. Lakin unutmaq olmaz ki, su həyat mənbəyi olsa da, həm də bir çox xəstəliklərin yayılma mənbəyidir. Ona görə də hər suyu içmək olmaz. Qazlı və rəngli sular, krandan birbaşa içilən su insan orqanizminə çox zərərlidir. Adi, təmizlənmiş su içmək lazımdır.

ətraflı jurnalda