Bir-iki bizimki,
Üç-dörd, qapını ört.
Beş-altı, daşaltı
Yeddi-səkkiz...
Hamı bir-bir çıxdı. Çıxanlar gizlənməyə yer axtardılar. Qaçışdılar, qonşu həyətlərə keçdilər. Murad üzünü divara tutub gözlərini yumdu:
– Çox uzağa getməyin... Eşidirsiz? Mən təkəm, siz çox...
Artıq uşaqların çoxu gizlənmişdi. Təkcə Ada gizlənməyə yer tapmamışdı. Hara girəcəyini bilmirdi. Ətrafa göz gəzdirdi. Qonşudakı üstü qırmızı kirəmitli evin həyət qapısı açıq idi. Ada həyətə girdi. Qaça-qaça dəhlizləri keçib, qarşısına çıxan ilk otağın qapısını açdı və özünü içəri atdı:
– Ayyy... Bağışlayın...
Üstündən rəngbərəng ip yumaqları asılmış böyük bir qurğunun qarşısında oturan qadın gülümsündü:
– Gəl, gəl, gizlənməyə yer axtarırsan, hə? Bayaqdan səsiniz gəlir... Gizlənqaç oynayırsız.

ətraflı jurnalda